Xovsuz xalçalar
Muzeyin “Xovsuz xalçalar” kolleksiyası 681 eksponatdan ibarətdir. Kolleksiyada xovsuz xalçların palaz, çiyi-palaz, kilim, qədirqə, cecim, şəddə, ladı, vərni, zili və sumax kimi növləri saxlanılır. Kolleksiya əsasən XVIII-XX əsrləri əhatə edir.
Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənirlər. Müxtəlif ölçülü rəngli zolaqları ilə seçilən palaz və cecimlər sadə keçirtmə texnikası ilə toxunur. “Kilimgülü” medalyonlu, dördbucaq və altıbucaq formalı fiqurlardan ibarət həndəsi naxışlarla bəzədilən kilimlər mürəkkəb keçirtmə üsulu, vərni, şəddə, zili və sumax kimi xovsuz xalçalar isə mürəkkəb naxışlar (S və yaxud Z formalı stilizə olunmuş əjdaha təsvirləri, antromorf və zoomorf motivlər, nəbati ornamentlər, “Xətai” kompozisiyası) vurmağa imkan yaradan dolama texnikası ilə toxunur.
Xovsuz xalçalardan məişətdə döşəmə, alaçığın örtüyü, pərdə, geyim, süfrə və s. kimi istifadə olunurdu. Bu kimi məmulatların hazırlanması insanların müdrikliyini, onların təfəkkürünün originallığını sübut edir.