Zərgərlik məmulatları

Zərgərlik məmulatları

Muzeyin “Zərgərlik məmulatları” kolleksiyasında 817 eksponat saxlanılır. Məmulatlar əsasən XIX-XX əsrin əvvəllərinə aiddir. Ən qədim nümunələr isə Tunc dövrünə aid qılınc, sırğa, qolbaq və quş fiqurlarıdır. Kolleksiyaya qadın zinət əşyalarının bütün növləri daxildir: baş bəzəyinə aid dümçə; qulaq bəzəyinə aid sırğalar – piyaləzəng, səbət; boyun-yaxa bəzəyinə aid sinəbənd və boğazaltılar; bilək-ayaq bəzəyinə aid bilərzik və xalxallar, üzüklər; bel bəzəklərinə aid kəmər və toqqalar.

Azərbaycan qadınlarının zərgərlik dəstlərində əsas yerlərdən birini qoruyucu məqsədlə boyundan asılan amulet qabı tutur. Buraya kiçik ölçülü Quran kitabı, dualar, nəzir üçün nəzərdə tutulan pullar və sirli məna daşıyan digər əşyalar qoyulurdu. Muzeyin fondunda mücrü, sürmədan və ətriyyat qabları kimi məişət əşyaları da qorunub saxlanılır.

Zərgərlik kolleksiyasında kişi zinət əşyalarından xəncər və qılınclar əsas yer tutur. Bundan əlavə, təsbeh, qəlyan, müştük və digər şəbəkə üsullu əşyalar da dekor zənginliyi ilə seçilir.

Zərgərlik məmulatlarının bəzədilməsində döymə, tökmə, basma, oyma, həkketmə, şəbəkə, zər oyunu, qarasavad, minasazlıq və inkrutasiya kimi texniki üsullardan istifadə olunurdu. Kolleksiyada həmçinin müasir dövrdə bu sənətdən bəhrələnərək zərgərlik nümunələri yaradan sənətkarların − Nina Paşayeva, Hacı Şamov, Camal Eyyubov, Əli Əhmədov, Əlimuxtar Zeynalov və Rəşid Məmmədovun əl işlərindən ibarət qızıl və gümüş zərgərlik nümunləri də saxlanılır.