Xalça “Xan”
Əziz dostlar,
“Xalça sənəti – mənaların təkamülü” sərgisindən daha bir eksponatımız Quba qrupuna aid “Xan” xalçası XIX əsrdə sənayə yarmarkalarında “Kuba” adı ilə tanınmışdır. Hazırda isə xalçaçılar onu “Xan”, sənətşünaslar isə “Xan-Qonaqkənd” adlandırırlar. “Xan” adı Yaxın Şərqdə süfrə mənasını verən “xoan” sözündən götürlmüşdür. Bu xalçalar gözəl ornament və rəng həlli ilə seçilən süfrə kimi ziyafətlərin göz oxşayan bəzəyi olmuşdur. Xalçanın ara sahəsi üfüqi xətt üzrə bir neçə simmetrik və şaquli xətt üzrə assimetrik rapportlardan ibarətdir. Burada orta əsrlərin əyri xətli “islimibəndlik” naxışları həndəsiləşərək yeni görkəm almışdır. Haşiyə Quba-Şirvan tipinə xas olub, rəng həlli baxımından özünəməxsusdur. Belə ki, tünd mavi fondakı bej rəngli budaqlar yalnız “Xan” xalçalarına xasdır.
Xalça “Xan”. Quba, Azərbaycan. XIX əsrin sonu – XX sərin əvvəli. Yun. Xovlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası