Xalça “Qımıl”
Əziz dostlar,
Bu həftəmizi “Xalça sənəti – mənaların təkamülü” sərgisində nümayiş olunan Quba xalçalarına həsr edirik. Bu gün sizə “Qımıl” xalçası haqqında məlumat verəcəyik.
Xalça Qubadan 18 km aralıda yerləşən Qımıl kəndinin adını daşıyır. “Ləçək-türünc” kompozisiyası əsasında tərtib olunub.
Xalçanın ara sahəsinin mərkəzində Quba xalçaçılarının “quyu” adlandırdığı böyük dəyirmi medalyon yerləşir. Mərkəzi medalyondan yuxarı və aşağı istiqamətə enli zolaq uzanaraq “qübbə” elementi ilə tamamlanır. Qübbə ilə medalyonun arasında yerləşən “qanadabənzər kətəbə” orijinal forması ilə seçilir. Ara sahənin künclərində mərkəzi medalyonun dörddə bir hissəsi işlənib. Xalçanın ana haşiyəsi “bayramgülü” və ya “almagül”, bala haşiyələri isə “dolama qıynaq” və “zəncir” adlanır.
Xalça “Qımıl”. Quba, Azərbaycan. 1331/1909-cu il. Yun. Xovlu toxunuşlu. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası