Xalça “Öysüzlü”

Əziz dostlar,
Bugünkü söhbətimiz kolleksiyamızda qorunan “Öysüzlü” adlı alplıq (qəhrəmanlıq) xalçası haqqındadır. Bu, Qazax qrupuna aid klassik Azərbaycan xalçalarından biridir və adı Tovuzun Öysüzlü kəndi ilə bağlıdır.
Bala haşiyə zolağı xalçanın ara sahəsini düzbucaqlı şəkildə üç gölə ayırır. Mərkəzi gölün ortasındakı “yıldızlı dırnax” və ya “quyrumlu göl” adlı qədim naxış xalq arasında həm göy cisimlərinə, həm də alplığa işarədir. Digər göllərdəki “qoşa”, “qalxan” və “toqqaqabağı” adlı ornamentlər də bu qəbildəndir.
Ana haşiyədə “əjdaha” və ya “qarmaqlı gərdəkbaşı” naxışı isə stilizə olunmuş dalğayabənzər forması ilə “yeriyən əjdahalar” timsalında alplığın və müharibə mələyinin simvoludur.
Xalçada qədim Oğuz türklərinə məxsus “ildırım”, “qarmaq” və digər qədim naxışlar da verilmişdir.
​ 
Xalça “Öysüzlü”. Qazax, Azərbaycan. 1930-1940-cı illər. Əriş, arğac, xov – yun. 162x213 sm. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş və 2019-cu ildə AMXM-ə verilmişdir.