Xalça “Nəlbəkigül”

“Nəlbəkigül” xalçaları – Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalçalardır.
Bu xalçaların xalq arasında “Nəlbəkigül” adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən “Minaxanım” və ya “Minaxanı” adlandırılır. Məlumdur ki, bu xalçanı XVIII əsrin II yarısında Bərdədən Şuşaya köçmüş Mina xanım adlı bir qadın toxumuşdur. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır.
Bu xalçaların orta sahəsinin kompozisiyası budaqlarda yerləşdirilmiş kiçik, həmçinin böyük dairəvi bitki elementlərindən ibarətdir. Simmetrik, bəzən də assimetrik yerləşdirilməsinə və çox sadə ifadə olunmasına baxmayaraq, bu elementlər Qarabağ xalçalarına məxsus olan gözəlliyi, sadəliyi özlərində təcəssüm etdirirlər.
 
Xalça “Nəlbəkigül”. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xоvlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası