Xalça “Çələbi”
Əziz dostlar,
“Xalça – mədəniyyət körpüsü” rubrikamızı davam etdiririk. Bu gün İstanbulda Türk və İslam Əsərləri Muzeyində davam edən sərgidən əsrarəngiz “Çələbi” xalçasını təqdim edirik.
Maraqlı kompozisiya həllinə malik olmaqla “Çələbi” xalçasının ana gölü şaquli ox üzərində mərkəzdə xətai qolları ilə əhatə edilmişdir. Bu qollar sanki qoruyucu rəmz kimi verilmişdir. Ana gölün aşağı və yuxarı hissələrindəki palmetlər daha böyük ölçülərə malikdir. Ara sahə “Əfşan” kompozisiyasında olduğu kimi başdan-başa gül-çiçək və yarpaq elementləri ilə doldurulmuş, stilizə edilmiş nəbati və islimi elementlərinin təkrarlanması ilə qurulan ensiz haşiyə qurşağı ilə əhatə olunmuşdur. Xalçanın koloriti sürməyi, ağ, qızılı, mavi və qırmızı rənglərin harmonik vəhdətindən ibarətdir.
Xalça “Çələbi”. Qarabağ, Azərbaycan. XVIII əsr. Yun. Xovlu, əl işi. Türk və İslam Əsərləri Muzeyinin kolleksiyası