Xalça “Xətai”

Əziz dostlar,
Sizə yeni “Xalça – mədəniyyət körpüsü” rubrikamızı təqdim edirik. Burada muzeyimizin cari sərgilərindən ən maraqlı nümunələrlə paylaşacayıq. Bu gün İstanbuldakı Türk və İslam Əsərləri Muzeyində davam edən sərgidən XVII əsrin yadigarı, Qarabağın əsrarəngiz “Xətai” xalçasını təqdim edirik.
Bu xalçanın kompozisiyası çarpazlaşan “xətai” qollarından və əjdaha elementlərindən ibarətdir. Ara sahənin rəngi sürməyi, xətailərin fonu isə ağ və qırmızı rəngdədir. Dörd enli, qırmızı rəngli xətailər sanki xalının mərkəzində böyük ölçülü “medalyon” yaratmışdır. Mərkəzi “medalyon”un dörd bir künclərində iri, kənarları ağ və qızılı-sarı rəngli palmetlər yerləşdirilmişdir. Dörd ağ rəngli, ensiz xətailər isə mərkəzi medalyonu dörd hissəyə bölür. Onun iki yan hissəsində stilizə edilmiş buynuzlu əjdahalar, yuxarı və aşağı hissəsində isə palmetlər əks olunmuşdur. Ümumi kompozisiyada altı böyük ölçülü əjdaha rəsmləri vardır.
 
Xalça “Xətai”
Qarabağ, Azərbaycan. XVII əsr. 220x470 sm. Əriş, arğac, xov: yun. Türk və İslam Əsərləri Muzeyinin kolleksiyası