Xalça “Çələbi”
Əziz dostlar!
Ekspozisiyamızda sərgilənən yeni sənət əsərlərindən zövq almaq üçün muzeyə tələsin.
2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzeyimizin Şuşa filialına məşhur “Çələbi” xalçasını hədiyyə olunubdur.
Xalçanın ara sahəsi tək göl kompozisiyasına malik olub, tünd sumağı yerliyində on altı ləçəkli, girintili-çıxıntılı iri göl təsviri və ətrafında müxtəlif mənalar daşıyan doldurucu elementlərlə tərtib edilmişdir. Qədim türklərə məxsus olan bu göl elementi müxtəlif mənaları ifadə etsə də, əsas etibarı ilə günəşi təcəssüm etdirir. Ara sahəni əhatə edən əsas haşiyə qurşağı isə Azərbaycan xalçaçılığında geniş yayılmış “zülfələm” naxışlardan ibarətdir. Xalçanın həm ara sahəsində, həm də haşiyə qurşağındakı digər elementlər rəng baxımından kompozisiyaya xüsusi ahəngdarlıq gətirir.
XVIII əsrdə təbii boyaqlarla boyanmış yüksək keyfiyyətli yundan toxunan, mükəmməl kompozisiyalı xalça bizim dövrə yaxşı vəziyyətdə gəlib çatması səbəbindən muzey kolleksiyası üçün müstəsna əhəmiyyət daşıyır.
Xalça “Çələbi”. Qarabağ, Azərbaycan. XVIII əsrin sonu – XIX əsrin əvvəli. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası. Xalça 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzeyin Şuşa filialına hədiyyə olunmuşdur.