Хalça “Atlı-itli”
Əziz dostlar,
Muzeyimizin Şuşa filialının kolleksiyasından növbəti eksponatı – “Atlı-itli” xalçasını sizə təqdim edirik. Bu xalçaların kompozisiyası qədim tarixə malik “Ovçuluq” xalçaları ilə bağlıdır. XX əsrin əvvəlində “ovçuluq” bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birinə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.
Təqdim olunan xalçada sürməyi yerlik üzərində stilizə olunmuş qırmızı rəngli at və boz rəngli it təsvirləri ara sahənin əsas elementləri kimi şaquli şəkildə ritmik olaraq təsvir olunub. Xalçanın ara sahəsində at və it təsvirləri ilə yanaşı, quş təsvirlərinin verilməsi ov atributlarına işarədir. Bəzi doldurucu elementlərin isə haşiyə qurşağının naxışları ilə semantik əlaqə yaratması Qarabağ xalçaçılığına xarakterikdir.
Хalça “Atlı-itli”. Şuşa qrupu, Azərbaycan. 1930-cu illər. Əriş, xov – yun, arğac – yun, pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası