“Balıq” xalçası
Əziz dostlar,
Bu gün sizə muzeyimizin Şuşa filialının kolleksiyasından “Balıq” xalçasını təqdim edirik.
Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan almışdır. Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olmuşdur.
Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilmişdir. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir.
Bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur. Bu kompozisiyalı dəst xalı-qəbələr XIX əsrdə Qarabağda çox məşhur idi.
“Balıq” xalçası. Qarabağ qrupu, Azərbaycan. XX əsrin əvvəli. Əriş, xov – yun, arğac – yun, pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası