Хalça “Şabalıd buta”
Əziz dostlar, hörmətli izləyicilər,
Qarabağın günəş şüaları ilə nurlanmış işıqlı ağ evi Ağdam işğaldan azad oldu! Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan ordusu!
İndi isə gəlin Ağdam xalçaçılıq ənənələri ilə daha da yaxından tanış olaq. Bu diyarda çoxsaylı xovlu və xovsuz xalçalar toxunur, onların sırasında ən sevimli çeşni “Şabalıd buta” idi.
“Şabalıd buta” xalçaları Qarabağ xalça qrupuna daxildir. Bu xalçaların əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Ara sahəni cərgə ilə gah sağa, gah da sol tərəfə “baxan” buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butaların arasındakı məsafə ilə müəyyən olunur. Bir-birinə yaxın yerləşmiş buta daha gözəl görünüşə malikdir. Ara sahəni “qotazlı buta”nın və ya “əyri buta”nın bəzədiyi “Şabalıd buta” xalçalarına da rast gəlinir.
Xalça ilə yanaşı, muzeyimizin ağdamlı əməkdaşı Mahiyyə Kərimovanın “Ağdam” şeirindən bir bənd təqdim edirik:
Az qalıbdır, evimizə dönəcəyik,
Doğma Ağdamı biz yenidən tikəcəyik.
Çay evi də ucalacaq, muzeylərimiz açılacaq,
Qarabağda həyat yenidən canlanacaq!
Хalça “Şabalıd buta”. Qarabağ, Azərbaycan. XIX əsrin sonu. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası