Xalça “Xantirmə”
Əziz dostlar,
Qarabağ qrupuna aid “Xantirmə” xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Hadrut, Qarabulaq, Köhnə Tağlar və başqalarıdır. Bu xalçanın kompozisiyası hind tirməsinə bənzədiyindən və xanların, əyanların libasları tirmədən hazırlandığından xalçanın adı “xan” və “tirmə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Əsasən uzunsov formada toxunulan bu cür xalçaların ara sahəsini nəbati elementlərlə bəzədilmiş, növbələşən enli və ensiz zolaqlar təşkil edir. Enli zolaqların bədii tərtibatı buta və “ilanqaç” elementlərindən ibarətdir.
Xalça “Xantirmə”. Qarabağ, Azərbaycan. XX əsrin ortaları. Yun, pambıq. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası