Xalça “Xanlıq”
Əziz dostlar,
25 oktyabrda şanlı ordumuzun işğaldan azad etdiyi torpaqlarımız içərisində Xanlıq kəndi də vardır. Qarabağın Cəbrayıl qrupuna aid olan “Xanlıq” xalçası Qubadlının məhz bu kəndinin adı ilə bağlıdır. XIX əsrdən Cəbrayılın Mirzəcanlı, Əfəndilər, Daşkəsən və Süleymanlı kəndlərində də toxunulurdu. Xalça “Ləçək-turunc” kompozisiyası əsasında toxunulur, mərkəzində iri ölçülü göl, ara sahənin künc hissələrində isə həmin gölün dörddə bir hissəsi təsvir olunur.
Xalça bir neçə variatda toxunur. I variantda gölün aşağı və yuxarı hissələrində iki qübbə yerləşir. II variantda qübbələr saxsıda ağ güllərlə əvəz olunub, buna görə də toxucular onu “Ağ çiçəklər” da adlandırırlar.
Qeyd edək ki, “Xanlıq” xalçaları dünyanın məşhur muzeylərində saxlanılır. 2019-cu ildə Bakıda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində muzeyimizdə təşkil edilən sərgidə Luvr Muzeyinin kolleksiyasından “Xanlıq” xalçası nümayiş olunmuşdur.
Xalça “Xanlıq” (I variant)
Qarabağ, Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli. Əriş, arğac, xov – yun. Luvr Muzeyinin kolleksiyası
Xalça “Xanlıq” (II variant)
Qarabağ, Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli. Yun, xovlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası