Xalça “Qoca”

Əziz dostlar,
Müzəffər ordumuz işğalda olan torpaqlarımızı azad edərək böyük uğurla irəliləyir. Bu gün sizə kolleksiyamızın Qarabağda toxunan əsrarəngiz nümunələrindən biri olan “Qoca” xalçasını təqdim edirik. Xalçanın adlanması bir zamanlar “Xocavənd” kəndinin adı ilə bağlı olmuşdur. XVIII əsrdən bu xalı “Xocan” adı ilə məşhurlaşsa da sonralar “Qoca” adını aldı.
Bu xalıların bədii quruluşu XVI əsrdə Təbrizin peşəkar ornamentalist rəssamlarının yaratdıqları “Şah Abbası” və “Əfşan” kompozisiyalarının təsiri altında formalaşmışdır. XVIII-XIX əsrlərdə Qarabağın xalça ustaları tədricən nəbati naxışların formalarını dəyişərək əyri xətli elementləri böyütmüş, kənarlarını həndəsiləşdirərək diliklər və qarmaqlarla tərtib etmişlər.
“Qoca” xalçası adətən dəst xalı-gəbə şəklində toxunurdu. Belə ki, Qarabağdakı evlər geniş və hündür olduğu üçün xalçalar interyerə uyğun olaraq bir neçə hissədən ibarət toxunurdu. Ən iri olan mərkəzi hissə “xalı” adlanır və onun uzunluğu 4-7 metr, “kənarə” adlanan iki yan xalça da bu uzunluqda, amma daha ensiz olurdu.
Xalça “Qoca”
Qarabağ, Azərbaycan. XIX əsr. Əriş, xov – yun; arğac – yun, pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası