“Qubadlı” xalçası
Şanlı Azərbaycan ordusu uzun illərin həsrətindən sonra Vətənimizin səfalı guşəsi olan Qubadlını işğaldan azad etdi! Bu münasibətlə bütün xalqımızı ürəkdən təbrik edirik! Qarabağ tipinin Cəbrayıl qrupuna aid olan Qubadlı namazlıq xalçaları yüksək qiymətləndirilmiş və şöhrət tapmışlar. Muzeyimizin kolleksiyasından Qubadlı xanımlarının sevə-sevə toxuduğu əl-əlvan xalçaları sizə təqdim edirik.
“Qubadlı” xalçası
Xalçanın ara sahəsi ritmik olaraq ətrafında “ox başı” elementləri verilmiş həndəsi formalı dördləçəkli “çarx” naxışlarları ilə tərtib olunmuşdur. Üfüqi istiqamət üzrə sıralanmış bu naxış qədim inanclardan qaynaqlanaraq təbiət ünsürlərini ifadə edir.
Xalça “Qubadlı”
Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xоvlu toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası
“Qubadlı” xalçası. Namazlıq
Xalçanın ara sahəsi qədim “kilimgülü” naxışları, yuxarı hissəsi isə mehrab təsviri ilə tərtib olunmuşdur. Bu naxışın digər bir adı isə “qədim naxış”dır. Xalçanın ara sahəsində güzgü simmetriyasında İmam Əlinin adı yazılmışdır.
Ara sahəni “hörük-buruq”, “axar su” və “dağ” adlı haşiyə zolaqları əhatələyir.