Zili

Əziz dostlar,
Muzeyimiz daha bir uğurlu beynəlxalq layihəyə start verir. 8 iyul – 5 sentyabr tarixlərində Kazan şəhərində “Xalça sənəti – mənaların təkamülü” sərgisi keçiriləcək. Mütəmadi olaraq sizi sərgidə nümayiş olunan ən maraqlı eksponatlarla tanış edəcəyik. Bu həftəni Qarabağ xalçalarına həsr edirik. İlk eksponatımız – zilidir.
Qarabağ zililəri əsasən Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl rayonlarının xalçaçılıq mərkəzlərində toxunmuşdur. Onların kompozisiyası şahmat sxemini xatırladır, öz böyük ölçüləri və isti koloriti ilə fərqlənir.
Xalçanın ara sahəsinin əsas bəzək elementi rapport şəklində olan və içərisində bayquşun stilizə edilmiş təsviri verilən medalyonlardan ibarətdir.
Haşiyə qurşağı isə “göz” və “məhsuldarlıq” rəmzi olan romb elementi ilə tərtib olunub.
Zili. Qarabağ. Azərbaycan. XX əsrin əvvəli. Yun. Xоvsuz toxunuşlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası