Sumax
Əziz dostlar,
13 mart 1967-ci ildə dünyada ilk xalça muzeyinin Bakıda yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 130 nömrəli Sərəncamı imzalanmışdır. Muzeyimizin ad günü münasibətilə həftə ərzində kolleksiyalardan ilk eksponatları sizə təqdim edəcəyik.
Bu gün “Xovsuz xalçalar” kolleksiyasının ilk eksponatı – sumaxı təqdim edirik. Bu xovsuz xalça nümunəsi 18 dekabr 1967-ci ildə muzeyin kolleksiyasına daxil olmuşdur.
Təqdim olunan sumax Quba xalça qrupunun “Qollu-çiçi” xalçasından bəhrələnərək toxunmuşdur.
Sumaxın ara sahəsində göl elementlərinin bədii tərtibatı gölbəndlik kompozisiyası əsasında tərtib olunmuşdur. Belə tərtibat nəticəsində gölün çarpazlaşan qolları “xətai” elementi kimi sumaxa xüsusi bədiilik bəxş edir.
Sumax. Quba, Azərbaycan. 1950-ci illər. Əriş, arğac – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası