Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on birinci ili münasibətilə tədbir keçiriləcək.
Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on birinci ili və görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 115 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
Bu qədim milli sənətin dünya miqyasında tanınması kimi mühüm hadisə Azərbaycanın mədəniyyət və incəsənətinin təbliğində misilsiz xidmətləri olan ölkəmizin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə baş tutub.
Təşkil olunan tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Narlı”, “Sor-sor” xalçalarının və çiyi palazın təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi həyata keçiriləcək.
Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırır. İlk dəfə xovlu və bütün xovsuz xalçatoxuma texnikalarını tətbiq etməklə unikal “Narlı” xalçasının toxunması da belə uğurlu layihələrdən biridir. Toxucudan yüksək peşəkarlıq tələb edən bu nadir sənət əsəri 8 ay müddətində toxunub. Xalçanın yerliyində bərəkət, cənnət meyvəsi və uzun ömürlülük rəmzi olan nar ağacı verilib. Ağacdakı hər nar müxtəlif xovsuz xalça texnologiyasında toxunub və onun üzərindəki naxış həmin texnikalar üçün səciyyəvidir. Belə ki, narlar palaz, çiyi-palaz, kilim, qədirqə, ladı, şəddə, vərni, zili və sumax, nar gülləri – xovlu, ağacın gövdəsi – zili texnikasında işlənilib.
Ənənəvi texnologiya şöbəsinin fəaliyyətinin istiqamətlərindən biri də muzeyin kolleksiyasında qorunan nadir eksponatların replikalarının hazırlanmasıdır. Tədbirdə kəsimi həyata keçiriləcək belə nümunələrdən biri italiyalı xalça kolleksioneri Erminio Bottininin 2020-ci ildə muzeyimizə hədiyyə etdiyi, 1811-ci ildə Şirvanda toxunmuş məşhur “Sor-sor” namazlıq xalçasının replikasıdır. Mükəmməl kompozisiya quruluşu, orijinal nümunə ilə eynilik təşkil edən rəngləri, ahəngdarlığı ilə gözoxşayan xalça 3 ay müddətində toxunub.
Qədim rəngləri ənənələrə uyğun şəkildə təqdim olunacaq digər sənət nümunəsi isə çiyi palazdır. Çiyi adlanan palazlar orijinal və mürəkkəb hazırlanma texnikasına malikdir. Belə ki, sadə palazın toxunması zamanı arğaca müəyyən ardıcıllıqla naxış əmələ gətirən rəngli sapla kiçik həndəsi ornamentlər əlavə edilir. Yaşayış yerlərində çiyi palazdan əsasən divar bəzəyi, pərdə və örtük kimi istifadə olunub.