“Məhsuldarlıq”

Əziz dostlar,
“Məhsul bayramı” bolluq, bərəkət, firavanlıq göstəricisi kimi bir çox xalqların həyatında ta qədimlərdən mövcud olmuş və bu mövzu sənət əsərlərində də əksini tapmışdır. Sadə zəhmət insanları və məhsuldarlıq motivi rəssamlarımızın yaradıcılığında da mühüm yer tutmuşdur. Bu gün təqdim etdiyimiz dekorativ nimçənin əsas mövzusu da bu motivlə bağlıdır.
R.Kərimovun müəllifi olduğu “Məhsuldarlıq” adlı fayans nimçə şirəylə işlənmiş, nəqqaşlıq üsulu ilə icra edilmişdir. Kompozisiya qabın dairəvi formasına uyğun qurulmuş və bütün səth plastik, dekorativ rəsmlərlə örtülmüşdür. Nimçə üzərində günəşli sünbül zəmisi fonunda üç zərif siluetli, milli geyimli qız təsvir edilmişdir. Bol məhsul toplamış qızların geyimlərinin ətəkləri axan su dalğalarına qovuşur və rəsmə incə, axıcı ritm verir.