Xalça “Mirzə Ələkbər Sabir”

Əziz dostlar,
“Tahir Salahovun xalça dünyası” rubrikasında söhbətimiz davam edir. Bu gün böyük fırça ustasının yaratdığı daha bir parlaq obrazdan – dahi Azərbaycan şairi, görkəmli satirik M.Ə.Sabirin xalçada toxunmuş portretindən söz açacağıq.
Dərin psixoloji xarakteri, realizmi və yüksək bədii-emosional dili ilə seçilən portretdə millətinin taleyini düşünən şair dərin düşüncə içərisində təsvir olunmuşdur.
Portret-xalçanı əhatə edən ornamental haşiyə ara sahənin rəng həllinə və “sərt realizm”inə uyğun işlənib. Haşiyə romb və ulduzların birləşməsindən yaranan “ulduzlu zəncir” naxışları ilə tərtib olunub.
Xalça “Mirzə Ələkbər Sabir”. Xalça Tahir Salahovun rəsm əsəri əsasında toxunmuşdur. 2010-cu il. Materialı: yun, pambıq. Texnikası: xovlu toxunuşlu, əl işi.