Xalça “Dədə Qorqud”
Əziz dostlar,
Bu həftəni görkəmli Azərbaycan rəssamı Tahir Salahovun xalça dünyasına həsr edirik. Onun xalça üzərinə keçirilmiş ilk əsəri “Dədə Qorqud” Xalq rəssamı E. Mikayılzadənin təşəbbüsü və dahi sənətkarın yaxından iştirakı ilə ərsəyə gəlmişdir. Portretin rəng həlli onu xalça üzərinə keçirməyə və klassik ornamentlərlə daha çox milli çalar əldə etməyə imkan vermişdir.
Müdrik el ağsaqqalının portreti mənəvi, monumental xarakterlə seçilir. Portretin aşağı hissəsi uzunsov göllə – kətəbə ilə tərtib olunub. Ara sahəni əhatələyən haşiyə qurşağı islimi, bulud, yarpaq, “Şah Abbası” və digər ornamentlərlə bəzədilib. Doğruluq, əyilməzlik simvolu olan incə sərv ağacları naxışlar arasında ritmik şəkildə təkrarlanır.
Xalça “Dədə Qorqud”. Azərbaycan. 2011-ci il. Əriş, arğac – pambıq; xov – yun. Xalça Tahir Salahovun rəsm əsəri əsasında toxunmuşdur. Xalça eskizinin müəllifi: Eldar Mikayılzadə