Xalça “Nağıllar aləmi”
Əziz dostlar,
Bu gün Eldar Mikayılzadənin “Nağıllar aləmi” xalçasının haşiyəsinə daha yaxından baxaq. Haşiyə qurşağı ara sahə ilə səsləşərək islimi, bulud, “Şah Abbası” və digər naxışlarla bəzədilib. Ornamentlərin arasında nağıllardan süjetlər böyük məharətlə yerləşdirilib. Burada div, kəndirbaz, pəri, oxatan, əjdaha, quldurlar və digər nağıl personajlarını görə bilərik. Haşiyənin aşağı sol küncündə müəllif özünü, sağ küncündə isə nağıl söyləyən Piri babanı təsviri etmişdir.
Xalçanın hətta sıçan-dişi zolağı da çox maraqlıdır. Diqqətlə baxdıqda burada dəvə, fil və ceyran fiqurlarının ritmik təsvirini görmək olar.
Xalça “Nağıllar aləmi”. Müəllif: Eldar Mikayılzadə. Azərbaycan. 1987. Əriş, arğac – pambıq, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası