ICOM Azərbaycan Milli Komitəsinin bəyanatına beynəlxalq təşkiltalar dəstək olur
ICOM Azərbaycan Milli Komitəsinin bəyanatına beynəlxalq təşkiltalar dəstək olur
ICOM Azərbaycan Milli Komitəsi 1 oktyabr 2020-ci il tarixində bütün dünyaya, eləcə də Beynəlxalq Muzeylər Şurasına (ICOM), onun 117 milli, 32 beynəlxalq komitəsinə və 6 regional alyansına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni irsin qorunması haqda bəyanat yayıb. Bəyanat ICOM Azərbaycanın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşılıb. Bəyanat həmçinin Azərbaycanın Xarici işlər nazirinin göstərişi ilə ölkəmizin xaricdəki səfirliklərinə həmin dövlətlərin Mədəniyyət nazirliklərinə və digər aidiyyatı qurumlarına çatdırılması üçün göndərilib.
27 sentyabr tarixindən ölkəmizdə yaranmış müharibə şəraiti ilə əlaqədar verilən bəyanatla bağlı bir sıra ölkələrin ICOM milli və beynəlxalq komitələri − ICOM Bosniya və Herseqovina, ICOM Türkiyə, ICOM Amerika, ICOM Peru və ICOM Etnoqrafiya muzeyləri üzrə beynəlxalq komitəsi ICOM Azərbaycan Milli Komitəsinə dəstək olaraq həmin bəyanatı sosial media səhifələrində paylaşıb. Bununla yanaşı, ICOM Monqolustan və ICOM Peru milli komitələri bəyanatla bağlı ICOM Azərbaycan Milli Komitəsinə dəstək məktubu göndərib.
Azərbaycan Milli Komitəsinin bəyanatı ilə bağlı Beynəlxalq Muzeylər Şurası (ICOM) mədəni irsin Dağlıq Qarabağ bölgəsində müharibə silahı kimi hədəfə alınmasını kəskin şəkildə pisləyən və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağıran bəyanat yayıb.