Azərbaycan Milli Xalça Muzeyinin kollektivi “Əsgərə məktub” layihəsinə qoşularaq, Vətənimizin azadlığı uğrunda fədakarlıq göstərən mərd, yenilməz Azərbaycan övladlarına ürək sözlərini ünvanlayıb.

Azərbaycan Milli Xalça Muzeyinin kollektivi “Əsgərə məktub” layihəsinə qoşularaq, Vətənimizin azadlığı uğrunda fədakarlıq göstərən mərd, yenilməz Azərbaycan övladlarına ürək sözlərini ünvanlayıb.
Salam, əziz əsgərlər!
Vətənini canından üstün tutan igid, yenilməz, mərd övladlarımız! Biz sizin gücünüzə, qüdrətinizə, qeyrətinizə bələd idik. Sevinirik ki, indi buna dünya şahid olur, qorxu bilməyən, qətiyyətli əsgərlərimizin qələbəyə doğru irəlilədiyini görür. Əsgər oğullarımız, bu gün müqəddəs amal uğrunda tarix yazırsınız. Biz, Azərbaycan Milli Xalça Muzeyinin kollektivi bu şanlı tarixin şahidləri kimi hər birinizlə qürur duyuruq. Sizə olan güvənimiz sonsuzdur. İnanın ki, fiziki olaraq yanınızda ola bilməsək də, hər an qəlbimizdə, dualarımızdasınız. Çünki sizin hər birinizi əzizimiz, doğmamız bilirik. Ayağınıza dəyən daş ürəyimizi yaralayır, cəsur əsgərlərimiz. Sizin fədakarlığınız qarşısında ehtiramla baş əyirik.
Dəyanətli balalarımız, bu gün cəbhədə qazandığınız uğurlarınızla bizi nə qədər xoşbəxt etdiyinizi sözlə ifadə etməkdə acizik. Biz sizə sonsuz dərəcədə inanırıq. Ordumuzun sizin kimi qətiyyətli, cəsur oğulları olduğu müddətdə ana yurdumuz həmişə sarsılmaz olacaq, bayrağımız Azərbaycan səmalarında qürurla dalğalanacaq. Əminik ki, qəhrəman əsgərimiz əzəl gündən bizim olan, illərdir həsrətini çəkdiyimiz cənnətimizi – Qarabağı qısa zamanda düşməndən azad edəcək. Bu yolda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyir, onların ruhlarını şad edəcəyiniz o möhtəşəm günü səbirsizliklə gözləyirik.
Əsgərlərimiz, əziz balalarımız, unutmayın, siz varsınızsa, biz varıq, Vətən var! Hər birinizi öpüb, bağrımıza basırıq.
Vətən sizə əmanətdir, siz də Allaha əmanət olun! Allah sizi qorusun!
Sevgilərlə,
Azərbaycan Milli Xalça Muzeyinin direktoru
Şirin Məlikova