Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
 
Muzeyin direktoru Şirin Məlikova qonaqlara zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti barədə məlumat verib. O, muzeyin yaranması tarixi, fəaliyyəti, zəngin kolleksiyası, ekspozisiyada nümayiş olunan xovsuz və xovlu xalçalar, xalça məmulatları, milli geyim, tikmə və bədii metal nümunələri, ornamentlərin semantik mənası və s. haqqında ətraflı danışıb. Muzeyin zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların  təqdimatı məkanı olmaqla yanaşı, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərdiyini bildirib. Şirin xanım Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrinin qorunub saxlanıldığı muzeyin ölkəmizin ilk inklüziv muzeyi kimi fəaliyyətini xüsusi vurğulayıb. 
 
Direktor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində ənənəvi xalçaçılıq sənətinin 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini də diqqətə çatdırıb. Milli irsin qorunması, kolleksiyaların daha da zənginləşdirilməsi, qədim xalça sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması işinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib.
 
Maddi-mədəni irsimizlə yanaşı Azərbaycan Milli Xalça Muzeyinin ən müasir tələblərə cavab verən yeni binası, onun orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu qonaqlarda xoş təəssürat yaradıb.
 
Qeyd edək ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikiyə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş Şirvan xalçası və “Azərbaycan Xalça Muzeyi” kitabı hədiyyə olunub