Sərhədsiz muzey
Azərbaycan Milli Xalça Muzeyi bütün ziyarətçilərin muzeyin daimi ekspozisiyası, müvəqqəti sərgi və tədbirləri ilə yaxından tanış olmaları üçün zəruri infrastruktura malikdir.
Əliliyi olan bütün ziyarətçilər üçün
I və II qrup əlillər, o cümlədən əlil uşaqlar muzeyi ödənişsiz ziyarət edə bilərlər. Bunun üçün şəxsin əlilliyini təsdiq edən sənədi kassada təqdim etmək lazımdır. I, II qrup əlillər və əlil uşaqlar bir ödənişsiz bələdçi biletini əldə etmək hüququna da malikdirlər. Əlilliyi olan şəxslər üçün fərdi və qrup ekskursiyalarının keçirilməsi ödənişsizdir.
Əlilliyi olan vətəndaşların muzeyi ziyarət etmələri və onlar üçün ekskursiyaların təşkili ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
+994 12 497 20 16
Hərəkət məhdudiyyəti olan ziyarətçilər üçün
Muzeyin giriş və çıxışında pilləkən olmadığı üçün muzeyi əlil arabasında maneəsiz ziyarət etmək mümkündür. Giriş və çıxış qapıları avtomatik rele ilə təchis olunub.
Muzeyin foyesində əlil arabası ilə hərəkət edən ziyarətçilər üçün lift mövcuddur. Liftin qapılarının eni 200 santimetr, uzunluğu – 290 santimetrdir. Çağırış düyməsi əyləşmiş insanın əlləri səviyyəsindədir. Əlilliyi olan ziyarətçilər üçün nəzərdə tutulmuş tualetlər muzeyin birinci mərtəbəsində yerləşdirilib.
Eşitmə qabiliyyətini itirmiş və zəif olan ziyarətçilər üçün
Böyüklər və uşaqlar üçün ekskursiyalar Azərbaycan dilində surdotərcümə ilə müşayiət olunur.
Ekskursiyalar üçün sifarişlər +994 12 497 20 16 telefon nömrəsi və mail@azcarpetmuseum.az elektron ünvanı vasitəsilə qəbul edilir.
Görmə qabiliyyətini itirmiş və zəif olan ziyarətçilər üçün
Belə ziyarətçilər üçün muzeydə daimi ekspozisiya üzrə ekskursiyalar keçirilir və burada taktil baxış üçün materiallar təqdim edilir. Taktil maketləri (kiçildilmiş xalça fraqmentləri) Azərbaycan və ingilis dillərində Brayl şrifti ilə yazılmış mətnlər müşayiət edir.