Muzeyimizdə "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib

Muzeyimizdə "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib. "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək , bu sahədə gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq məqsədilə təşkil edilib.

Təlimdən öncə gömrükçülər muzeyin eksponatları ilə yaxından tanış olublar.

Azərbaycan Milli Xalça Muzeyinin eksponatların mühafizəsi üzrə direktor müavini Mira Məmmədxanova təlimin açılışında muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və nümayiş olunan eksponatlar, mədəni sərvətlərin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan ekspert komissiyalarının fəaliyyəti və s. barədə məlumat verib.

DGK Sərhəddə Gömrük Prosedurlarının Təşkili İdarəsinin rəisi Pərviz Qədirov ​ təlimin gələcəkdə gömrük əməkdaşlarının peşə bacarıqları və bilik səviyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini bildirib.

Ekspertlər orijinal Azərbaycan xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, eləcə də əl ilə toxunan və sənaye üsulu ilə hazırlanan xalçaların fərqli cəhətləri barədə iştirakçılara məlumat veriblər.

Təlim zamanı Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, gömrükçüləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təlimin yekunları ilə bağlı qiymətləndirmə keçirilib