Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub.

Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub. Bu münasibətlə muzeydə toxunan “Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustad dərsi və “Uçan xalça” marionet tamaşasının premyerası keçirilib.

“Düşüncələr” xalçası 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən yeddi aya ərsəyə gəlib. Texniki eskizin hazırlanması, rənglərin seçimi və digər hazırlıq işlərində muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov başda olmaqla xalçaçı-rəssamlar da iştirak ediblər. Xalçada 40 rəng və onların çalarlarından istifadə olunub.

“Xalçaçı günü” peşə bayramında muzeydə naxışlı həsirin toxunması üzrə bu qədim sənət növü ilə məşğul olan sənətkar, Astaranın Kakalos kənd sakini Rüfət Rzayev ustad dərsi də keçib.

Tarixi Neolit dövrünə gedib çıxan həsirlər Azərbaycan xalçalarının “əcdadı” sayılır. Onlar əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi mütəmadi olaraq ictimaiyyətin diqqətini həsirçiliyin qorunmasına, yenidən dirçəldilməsinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinin davamlı inkişafına və ətraf mühitin mühafizəsinin vacibliyinə yönəltmək məqsədilə “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” layihəsini reallaşdırır. “Xalçaçı günü” ilə əlaqədar təşkil olunan naxışlı həsirin toxunması üzrə ustad dərsi də bu istiqamətdə növbəti əhəmiyyətli addımdır.

“Xalçaçı günü”ndə muzeyin balaca və gənc tamaşaçıları da diqqət mərkəzində olub. Onlar üçün Şuşa ili münasibətilə Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası nümayiş etdirilib. Uşaqlar arasında Azərbaycan xalça sənətinin təbliği və onların milli-mədəni irsimizə sevgi ruhunda tərbiyəsi məqsədi daşıyan tamaşada Nabat nənə nəvəsi Ömərlə sehirli xalça dünyasına səyahət edərək, vətənimizin müxtəlif bölgələrinin xalça naxışları ilə tanış olurlar. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib