Muzeyi peşəkardan öyrənək

17-18 iyun tarixlərində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz Mira Məmmədxanova tərəfindən “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminarlar keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiqi, regionlardakı muzeylərin daha da təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin aktivləşdirilməsi, müasir çağırışlara cavab verən muzey mühitinin formalaşdırılması məqsədilə təşkil olunub.

İkigünlük təlim-seminarda Şirin Məlikova Azərbaycan Milli Xalça Muzeyinin təcrübəsinə əsasən “Muzey menecmenti”, “Muzeydə təhsil proqramları” mövzularında, həmçinin Avropa Muzey Forumu tərəfindən ənənəvi olaraq hər il keçirilən “Avropada ilin muzeyi” (EMYA – European Museum of the Year Award) müsabiqəsinin 2022-ci il üzrə üzrə qalibləri barədə çıxış edib. Direktor “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində Azərbaycan Milli Xalça Muzeyinin “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görüldüyünü diqqətə çatdırıb.

Şirin xanım iştirakçılar üçün “Bir eksponatın təqdimatı” adlı ustad dərsi və müxtəlif mövzular üzrə sorğular keçirib.

Baş mühafiz Mira Məmmədxanova isə “Fond işi”, “Muzey əşyalarının təxliyə qaydaları” mövzuları üzrə çıxış edib.

Layihədə Lənkəran, Lerik və Astara rayonlarının Heydər Əliyev mərkəzlərinin, ev, xatirə və tarix-diyarşünaslıq muzeylərinin, rəsm qalereyalarının rəhbərləri, baş fond mühafizləri, həmçinin digər muzey mütəxəssisləri olmaqla 47 nəfər iştirak edib. İştirakçılar üçün maraqlı və səmərəli keçən təlim-seminarlarda onların sualları cavablandırılıb, mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb, fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkili barədə tövsiyələr verilib.