Azərbaycan Milli Xalça Muzeyində “Ləmpə” xalçasının təqdimatı keçirildi

İyulun 6-da Azərbaycan Milli Xalça Muzeyində Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçirildi. Tanınmış ictimai xadimlərin, elm və mədəniyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları çıxış edərək professor Elmira Süleymanovanın səmərəli fəaliyyətindən danışdılar, qiymətli “Ləmpə” xalçasının muzeyin Şuşa filialına hədiyyə edilməsinin əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, muzeyə hədiyyə olunan bu sənət nümunəsi XX əsrin 30-cu illərində Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Onu da vurğulayaq ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyimizə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.