Muzeyimizin “Parça, geyim, tikmə” kolleksiyası daha bir gərdəkbaşı ilə zənginləşdi.

Əziz dostlar,

Yeni xoş xəbərlə sizinlə bölüşməyə tələsirik. Muzeyimizin “Parça, geyim, tikmə” kolleksiyası daha bir gərdəkbaşı ilə zənginləşdi. Həmvətənimiz Zərifə Cümşüdova ənənəvi Azərbaycan interyerinin bəzək elementi olan gərdəkbaşını muzeyimizə hədiyyə edib. 1930-1940-cı illərdə Laçında hazırlanmış bu nümunə pambıq, qanauz, ipək, atlas və muncuqdan qurama texnikasında hazırlanmışdır.

2017-ci ildən muzeyimizin apardığı məqsədyönlü fəaliyyət nəticəsində yerli və xarici vətəndaşlar öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan dekorativ tətbiqi-sənət nümunələrini muzeyə hədiyyə etməyə başlamışlar. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmannasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına etibar etdiklərinin göstəricisidir.