Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları – Kavalerli Şirinbəylilər” adlı tədbir keçirilib.

Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları – Kavalerli Şirinbəylilər” adlı tədbir keçirilib. “Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində təşkil olunan budəfəki tədbirdə Şuşada ilk şirniyyat sexinin yaradıcısı, Cavanşirlər nəslinin nümayəndəsi Ənnəğı Şirinbəylinin oğlu Şirin bəy Şirinbəyli və ümumilikdə Şirinbəylilər soyu haqqında ətraflı məlumat verilib.

Şuşanın daha bir görkəmli nəslinin Azərbaycan tarixindəki yeri və rolu barədə Şirinbəylilər şəcərəsindən olan, Fransanın Akademik Palma Ordeninin kovaleri və zabiti Azelma Həsənova, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vasif Quliyev, “Bakinskiy raboçiy” qəzetinin Mədəniyyət şöbəsinin rəhbəri Afət İslam Məmmədova, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru Tofiq Süleymanov çıxış ediblər.

Onlar XVIII əsrin ikinci yarısında Şuşanın “Çuxur” adlandırılan ilk məhəlləsində məskən salan Ənnağı bəy Cavanşir və onun ailəsi haqqında maraqlı tarixi faktları səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar, həmçinin “Milli sərvətimiz” adlı sənədli filmə tamaşa ediblər.