Azərbaycan Milli Xalça Muzeyi xalça turları təşkil edir
Sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini görmək istəyən şəxslər üçün turlar təşkil edir.
“Yarımköçəri həyat” adlanan turda proqrama uyğun olaraq iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.
“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün tanınmış xalçaçı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq.
Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.
Qeyd edək ki, turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq. 6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər ən gec bir həftə öncə qeydiyyatdan keçməlidirlər https://forms.gle/RJNMJM7uxoJDASu97
Turlar ödənişlidir.
Turun qiyməti: 60 AZN
Ətraflı məlumat üçün əlaqə: +994 10 2608144