“Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirə keçirilib

Azərbaycan Milli Xalça Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirə keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti, milli özünüdərk istiqamətində mübarizəsi, tariximizdə çox mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında siyasi lider kimi böyük rolu barədə ətraflı çıxış edib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri barədə məlumat verib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva isə öz məruzəsində sözügedən rəmzlərin xalçalarımızda, o cümlədən muzeyimizin kolleksiyasında qorunub saxlanılan nümunələrdə əksi, onların daşıdığı mənalar haqqında danışıb.

Professor N.Yaqublu müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” adlı yeni nəşri, həmçinin M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “İran yazıları” kitablarını muzeyimizin kitabxanasına hədiyyə edib. Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.