Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb
Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin rəhbəri Afət Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru, Əməkdar elm xadimi Kübra Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış edərək Taryer Bəşirovun fəaliyyətindən, özünəməxsus yaradıcılıq yolundan danışıblar. Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu təqdim edib.
Sonra tədbir iştirakçıları Taryer Bəşirovun müəllifi olduğu “Heydər Əliyev Fondu-20” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə qatılıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Xalçaçı günü” ərəfəsində keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunur. Bu sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyinin, Tahir Salahovun Ev-Muzeyinin, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin və T.Bəşirovun şəxsi kolleksiyasındandır.
Xalçaçı-rəssam əsərlərində xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi inciləri, milli irsimizi, dövlətçilik tariximizi əks etdirməyə üstünlük verib. Buna bariz nümunə kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Zəfər” (2021), “Tarixin salnaməsi” (2023) kimi xalçaları göstərmək olar.
Taryer Bəşirovun “Türkün inancı, xalqın qazancı” (2016), “Beşiyim əbədiyyətim” (2024), “Müqəddəs üçlük” (2023) xalçaları qədim türk mədəniyyətindən, inanclarından bəhrələnərək yaradılıb. Orijinallığı ilə diqqət çəkən “Bəhram Gur və Dürsəti” (2024) xalçası isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunub.
Taryer Bəşirov 1986-cı ildə müəllimi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 80 illiyi münasibətilə yaratdığı “XX əsrin korifeyi” adlı çətəndə ilk dəfə nəbati naxışlar tətbiq edib. O, həm də çətəndə ilk dəfə qızılı saplardan istifadə edən sənətkardır.
Qeyd edək ki, özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirən, yaradıcılığında daim müxtəlif yeniliklər edən xalçaçı-rəssamın sərgisinə dair kataloq nəşr olunub.
12 may tarixinədək davam edən sərgi çərçivəsində Əməkdar rəssamın fəaliyyətinə həsr olunan mühazirə də keçiriləcək.