Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova II Qazaxıstan Muzey Konqresinə qatılıb.
23-24 sentyabr tarixlərində Astana şəhərində II Qazaxıstan Muzey Konqresi keçirilir. Qazaxıstan Respublikası Milli Muzeyinin 10 illiyinə həsr olunan tədbir çərçivəsində “Müasir muzeylər: elm, təhsil və innovasiya” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Fond və sərgi işi, tarixi-mədəni irs nümunələrinin konservasiyası və bərpası, elmi-tədqiqat və təbliğat işi kimi mövzuların müzakirə edildiyi beynəlxalq tədbirə ölkəmizdən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qatılıb. O, “Tekstil kolleksiyalarının qorunması: konservasiya və bərpa sahəsində Azərbaycan Milli Xalça Muzeyinin təcrübəsi” adlı məruzə ilə çıxış edib. Əminə xanım rəhbərlik etdiyi mədəniyyət ocağının tarixi, kolleksiyaları, muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və proflaktik nəzarət şöbəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ökələrin muzeyləri, o cümlədən Qazaxıstan Respublikası Milli Muzeyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Çin, Özbəkistan, Qırğızıstan, Rusiya, İran və Fransadan olan mütəxəssislər iştirak edib, onların müxtəlif mövzularda məruzələri dinlənilib.