Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın “Həzrət-Sultan” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın “Həzrət-Sultan” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum ikitərəfli səmərəli əlaqələrin, elm, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, bunun üçün müvafiq imkanların yaradılması məqsədi daşıyır. Tərəflərin razılığına əsasən, birgə təşəbbüs hesabına muzey işi sahəsində əsaslı tədqiqatlar aparılacaq, qarşılıqlı təcrübənin öyrənilməsi məqsədilə mütəxəssislər arasında bilik mübadiləsi həyata keçiriləcək, onların elmi-tədqiqat konfranslarında və seminarlarda iştirakı təşkil ediləcək. Sənəddə muzey işinin digər mühüm istiqamətləri, birgə sərgi layihələrinin reallaşdırılması, ekspozisiya planlarının hazırlanması, tərəflər arasında elmi və metodiki ədəbiyyat mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və “Həzrət-Sultan” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Məulen Sadıqbəyov memorandumun muzeylər arasında əməkdaşlıqla yanaşı, iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə olacağına inamlarını ifadə ediblər.
Xatırladaq ki, ötən illər ərzində Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın "Sarayşik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu, Qazaxıstan Respublikası A.Kasteyev adına Dövlət İncəsənət Muzeyi, Qazaxıstan Muzeylər Birliyi və Qazaxıstan Respublikası Milli Muzeyi arasında Anlaşma Memorandumları imzalanıb.