Azərbaycan Milli Xalça Muzeyində “Qənirə Paşayeva - İTHAF” sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində tanınmış ictimai xadim və jurnalist, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılış mərasimi keçirilib.
Tədbir Milli Məclisin Mədəniyyət komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə baş tutub.
Bədii sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssam, deputat Ülviyyə Həmzəyeva, ARİ-nin üzvləri “Bakı” qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzənin Qənirə Paşayevanın həyatı və yaradıcı fəaliyyətinə müraciət edərək yaratdıqları əsərlər nümayiş olunur. Müxtəlif janr və texnikalı 40-a yaxın rəngkarlıq tabloları və qrafik lövhələrdən ibarət sərginin ekspozisiyasında kətan üzərində yağlı boya texnikası ilə işlənmiş portret və mənzərə janrlı lövhələr, kağız üzərində tuş, qara qələmlə çəkilmiş portret və mənzərə əsərləri, müxtəlif texnikalı kompozisiyalar, xəttatlıq örnəkləri yer alır.
Sərgi sentyabrın 30-dək davam edəcək.