Oktyabrın 31-də Azərbaycan Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb.


Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və sərginin kuratoru Siret Uyanık çıxış ediblər. Onlar Türkiyə ilə Azərbaycan arasındakı dostluq və mədəni əlaqələrin tarixi köklərindən, Göbəklitəpənin bəşəriyyətin mühüm arxeoloji kəşflərindən biri kimi əhəmiyyətindən danışıblar.
Daha sonra Yunus Əmrə İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən, 30 türkiyəli rəssamın Göbəklitəpəyə həsr olunan əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Sərginin kuratoru Siret Uyanık, layihənin məsləhət şurasının üzvləri prof. Aydın Ayan, prof. Alaybəy Karoğlu, prof. Teymur Rzayevdir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12.000 il əvvələ aid Göbəklitəpə bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və yer üzündəki ilk ibadət yeri, məbəd sayılır. Bir çox bəşəri suallara yeni cavablar təqdim edən bu füsunkar arxeoloji ərazi nəhəng daş strukturları ilə tanınır.
Sərgi noyabrın 6-dək davam edəcək.