COP29 çərçivəsində ölkəmizə səfərə gələn Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
COP29 çərçivəsində ölkəmizə səfərə gələn Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Ali qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayıb, dövlət başçısına muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları, milli irsimiz olan xalça sənəti barədə ətraflı məlumat verib.
Ə.Məlikova rəhbərlik etdiyi muzeylə Monteneqro muzeyləri arasındakı sıx əməkdaşlıq əlaqələrindən də danışıb. Ölkəmizdə ilk dəfə bu ilin iyun ayında Monteneqro milli mədəni irsinin təqdim olunduğu “Müxtəlifliyin gözəlliyi” adlı möhtəşəm sərginin məhz Azərbaycan Milli Xalça Muzeyində keçirilməsindən məmnunluğunu vurğulayıb. O, avqust ayında Monteneqroda COP29-a həsr olunan “Azərbaycan xalçası: təbiətlə dialoq” sərgisinin açıldığını xatırladıb, hər iki sərgi çərçivəsində Azərbaycan və Monteneqro dillərində kataloqların nəşr olunduğunu deyib. Bu sərgilərin dövlətlər arasında mədəniyyət sahəsində dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət göstərdiyini, əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə davam etdirilməsi üçün səylərin əsirgənməyəcəyini diqqətə çatdırıb.
Ali qonağa muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə verilib.
Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç xatirə kitabına muzeyimizlə bağlı xoş təəssüratlarını yazıb.