“Yeddi gözəl” sərgisi

Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.

Layihə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova, Rusiya muzeylərinin direktorları və əməkdaşları, ziyalılar Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və diplomatik korpus nümayəndələri iştirak etdilər.

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir.

Sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.

Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılır.

Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.

Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.