“Müasir gəncliyin sənət dünyası”

30 yanvar 2019-cu il tarixində, saat 15-00 da Azərbaycan Xalça Muzeyi və YAP Səbail rayonu təşkilatınınbirgə layihəsinə əsasən Azərbaycan Xalça Muzeyinin yaranma tarixi və fəaliyyətinin ictimaiyyətə təqdimatı və Azərbaycan Gənclər gününə həsr edilmiş “Müasir gəncliyin sənət dünyası” adlı tədbir keçirildi.
Tədbirdə respublikanın müxtəlif təşkilatlarından dəvət olunmuş əsasən gənclərdən iba rət qonaqlar və muzeyin əməkdaşları iştirak etdilər. Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin Sədri, Əməkdar Mədəniyyət İşçisi Şirin Məlikova tədbirin açılışını elan etdi, “Azərbaycan Xalça Muzeyinin yaranma tarixi və fəaliyyətinin ictimaiyyətə təqdimatı” mövzusunda interaktiv materiallarla zəngin məlumatları diqqətə çatdırdı. Sonra isə Yeni Azərbaycan Partiyasının Səbail rayon şöbəsinin Sədri, Milli Məclisin deputatı, Professor Şəmsəddin Hacıyevə söz verildi. O, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, partiya və müasir Azərbaycan gəncliyi, ölkəmizdə gənclərə diqqət və qayğı, Gənclər gününün təsis edilməsi barədə məlumat verdi və partiyanın inkişafında gənclərin rolundan danışdı. Şəmsəddin Hacıyev çıxışından sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş muzey əməkdaşlarına üzvülük vəsiqələrini təntənəli surətdə təqdim etdi.
Çıxışların ardınca gənclər tərəfindən hazırlanmış musiqili bədii hissə təqdim edildi. Tədbirin sonunda Xalça Muzeyində təşkil olunmuş “Gənc istedadların əsərlərindən ibarət sərgi”nin açılışı oldu.