“Tarixə və ənənəyə toxunuş”

Azərbaycan Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmuş “Tarixə və ənənəyə toxunuş” adlı Azərbaycan-Türkiyə birgə layihəsinə start verilmişdir. Sərgidə nümayiş olunan eksponatlarla əllə toxunma, audio yazı, eləcə də Brayl əlifbası ilə hazırlanmış yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən, ASAN Könüllülük Məktəbi, British Council və ASAN Radio media dəstəyi ilə təşkil olunub. Onun əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil etmişdir.

Ekspozisiyanın Türkiyəyə aid hissəsinə dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycana məxsus hissəsi isə milli xalçalarımızın bütün növlərinin (xovlu və xovsuz) miniatür nümunələrindən ibarətdir.

Azərbaycan Xalça Muzeyi sərgi çərçivəsində görmə qabiliyyəti zəif olan insanlar üçün xovlu, xovsuz və makrama üzrə ödənişsiz ustad dərsləri təşkil etmişdir.

Sərginin açılış mərasimində mədəniyyət xadimləri, millət vəkilləri, səfirlik və müxtəlif hökumət təşkilatlarının, o cümlədən Gözdən Əlillər Cəmiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah, Azərbaycan Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, sərginin ilk ziyarətçilərindən biri, şairə, “Söz” layihəsinin iştirakçısı, gözdən əlil Səidə Sübhi toplaşanlar qarşısında çıxış etdilər.

Bu layihə yalnız gözdən əlil olan insanlar üçün deyil, xalçaçılıq sənətinə xüsusi maraq göstərən digər ziyarətçilər, uşaqlar və böyüklər üçün maraqlı olacaq.

Yaxın aylarda eksponatların bu şəkildə nümayiş etdirilməsi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş yer alacaqdır.

Sərgi fevral ayının sonuna qədər davam edəcək.