31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart 1918-ci il ermənilərin insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş qəsbkar, qəddar mahiyyətini ifşa edən tarixlərdən biri – Azərbaycanlıların Soyqırımı Günüdür. Xalqımızın başına gətirilən bu dəhşətli faciə nəticəsində onminlərlə dinc azərbaycanlı əhali Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrimizdə məhz milli mənsubiyyətinə görə qətlə yetirilmiş, memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər mədəniyyət abidələri dağıdılmış, şəhərlər, kəndlər xarabalığa çevrilmişdir. Erməni millətçilərinin xüsusi amansızlıqla həyata keçirdiyi soyqırımı siyasətinin günahsız qurbanları arasında ağlasığmaz işgəncələrlə öldürülmüş uşaqlar və qadınlar da olmuşdur.
Azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətə ilk dəfə 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycan xalqı tariximizin müxtəlif dövrlərində başına gətirilən, dəfələrlə təkrarlanmış faciələri heç zaman unutmayacaq!