“Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar” adlı mühazirəsi keçirilib
Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın “Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar” adlı mühazirəsi keçirilib. Təhminə xanım dahi şairin öz əsərlərində şairlik, rəssamlıq, memarlıq, musiqi, xalçaçılıq, daşyonma və s. kimi müxtəlif sənət sahələrinə, sənətkarlara verdiyi yüksək dəyərdən, onların özünəməxsus cəhətləri barədə fikirlərindən danışıb. O, mövzu ilə bağlı görkəmli söz ustadı N.Gəncəvinin yaradıcılığından maraqlı nümunələr səsləndirib. T.Bədəlova sonda mühazirə iştirakçılarının suallarını cavablandırıb, onlara həmçinin muzeyimizin kitabxanasına müəllifi olduğu "Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabını hədiyyə edib.
Mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb.
Qeyd edək ki, karantin qaydalarını nəzərə alaraq, mühazirədə 10 nəfər iştirak edib.