Şirin Məlikova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Mədəniyyət və incəsənət sahəsində menecment” magistr proqramı çərçivəsində təşkil etdiyi onlayn mühazirənin qonağı olub.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Mədəniyyət və incəsənət sahəsində menecment” magistr proqramı çərçivəsində təşkil etdiyi onlayn mühazirənin qonağı olub. Şirin xanım “Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin layihələri” mövzusunda geniş mühazirə ilə çıxış edib. O, proqram iştirakçılarına muzeyin yaranması, inkişaf tarixi, kolleksiyaları, Ənənəvi texnologiya şöbəsinin fəaliyyəti, çoxsaylı layihələri, keçirdiyi ustad dərsləri və s. haqqında ətraflı məlumat verib. Şirin xanım şöbənin işinin əsas istiqamətlərinin qədim, unudulmuş xalçatoxuma texnikalarının dirçəldilməsi, muzey kolleksiyalarındakı xalçaların replikalarının toxunması, müəllif eskizləri əsasında xalçaların yaradılması, müasir rəssamlarla və tələbələrlə birgə iş, fiziki məhdudiyyətli insanlar da daxil olmaqla böyüklər və uşaqlar üçün xalça toxuculuğunun tədrisi və s. olduğunu vurğulayıb.

Muzeyin Ənənəvi texnologiya şöbəsinin qədim texnikaları bərpa etməklə yanaşı, onların müasir şəraitdə tətbiqinə nail olduğunu, nəticədə görmə məhdudiyyətli insanlar üçün “Sərhədsiz muzey” inklüziv layihəsinin həyata keçirildiyini bildirib. Xaricdəki muzey ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanan bu layihə çərçivəsində beynəlxalq əlaqələrin inkişaf etdirildiyini, Dövlət Ermitajı ilə əməkdaşlığa başlanıldığını deyib. ​

Şirin xanım şöbə tərəfindən bərpa edilmiş qədim toxuculuq növü olan boyanmamış yundan xalça istehsalı layihəsi barədə də məlumat verib. Həmçinin rəhbərlik etdiyi muzeyin Azərbaycan xalçaçılıq sənətinin bütün dünyada təbliği istiqamətində genişmiqyaslı fəaliyyətindən danışıb.

Ş.Məlikova dinləyicilər tərəfindən böyük maraqla qarşılanan mühazirənin sonunda​ iştirakçıların suallarını cavablandırıb.