Azərbaycan Milli Xalça Muzeyində "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib.
Təlim "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, bu sahədə gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq məqsədilə təşkil edilib.
Təlimdən öncə gömrükçülər muzeyin eksponatları ilə yaxından tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyinin eksponatların mühafizəsi üzrə direktor müavini Mira Məmmədxanova təlimin açılışında muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və nümayiş olunan eksponatlar , mədəniyyət sərvətlərinin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan ekspert komissiyalarının fəaliyyəti və s. barədə məlumat verib.
Daha sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınması, bu sahədə qaçaqmalçılıq halları ilə ciddi mübarizə aparıldığını deyib.
Təlim zamanı ekspertlər orijinal Azərbaycan xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, eləcə də əl ilə toxunan və sənaye üsulu ilə hazırlanan xalçaların fərqli cəhətləri barədə iştirakçılara məlumat veriblər.
Təlim zamanı Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, gömrükçüləri maraqlandıran suallar cavablandırılıb.