Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak və səfirliyin 1-ci katibi Ali Lazali Azərbaycan Milli Xalça Muzeyində olub.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak və səfirliyin 1-ci katibi Ali Lazali Azərbaycan Milli Xalça Muzeyində olub. Direktor Şirin Məlikova onlara muzeyin tarixi, fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, ornamentlərin semantik mənası, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında məlumat verib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənətinin 2010-cu il noyabrın 16-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayıb. O, muzeyin inklüzivliklə bağlı layihələri və bu istiqamətdə qazanılan uğurları da diqqətə çatdırıb.
Sonra qarşılıqlı söhbət zamanı mədəni əlaqələrin, sıx əməkdaşlığın zərurəti, perspektivləri və s. məsələlər müzakirə olunub.
Qonaqlar milli mədəni irsimizlə tanışlıqdan və qeyri-adi quruluşu ilə fərqlənən muzeyi ziyarət etməkdən məmnunluqlarını dilə gətiriblər.