Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirib.
Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirib.
Belə ki, mayın 18-də müxtəlif icma nümayəndələri ilə videokonfrans keçirilib. Konfransda fərqli sənət sahələri üzrə mütəxəssislər, sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri və Qarabağ muzeylərinin direktorları iştirak edib. Onlayn görüş zamanı çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey sahəsində çalışan, maddi mədəniyyət nümunələrimizin qorunmasında əvəzsiz xidmətləri olan bütün muzey işçilərinə nazir Anar Kərimovun təbriklərini çatdırıb, uğurlar arzulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar hazırda nazirlikdə müvafiq işlərin həyata keçirildiyini bildirib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi muzeyin ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Videokonfransda Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat verilib. Görüş iştirakçıların təqdimatları və fikir mübadiləsi ilə davam edib.
Bununla yanaşı, mayın 18-də, saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu keçirib. İştirakçılar incəsənətlə, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı sualları cavablandırıb. 22 komandanın iştirak etdiyi, zoom proqramı vasitəsilə keçirilən oyunun qalibi “Qarabağ” komandası olub.
Silsilə tədbirlər Azərbaycan Milli Xalça Muzeyində keçirilən “Muzeylər gecəsi” konsert proqramı ilə yekunlaşıb. Gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları çıxış ediblər. Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə keçirilən konsertdə “The Etude Band”, “Seymur Əliyev Trio” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas bir-birindən gözəl ifalar səsləndiriblər.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu və konsert proqramı muzeyin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanıb.
Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır.